Mobil Bankçılıq vasitəsilə xidmət göstərilməsi haqqında Qaydalar

Qaydalarda istifadə olunan anlayışlar:

1.1. Qaydalar - İstifadəçi tərəfindən qəbul olunan Mobil Bankçılıq vasitəsilə xidmət göstərilməsi haqqında Qaydalar;

1.2. İstifadəçi - Bankın müştərisi olan Mobil Bankçılıqda qeydiyyatdan keçmiş və Qaydaları qəbul edən fiziki şəxs;

1.3. Bank– “Unibank Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti;

1.4. Mobil Bankçılıq – Şifrədən və qaydalarda müəyyən olunmuş hallarda Asan İmza-dan istifadə etməklə İnternet vasitəsilə Qaydalarda nəzərdə tutulmuş əməliyyatların aparılmasına və sənədlərin təsdiq edilməsinə imkan yaradan proqramdır. Bu proqram IOS və Android platformalarını dəstəkləyən Mobil cihazlarda istifadə oluna bilər. Proqrama çıxış istənilən mobil operatorların abonenti olan istifadəçilərə verilir.

1.5. Mobil telefon SİM-kartı – İstifadəçi tərəfindən Banka bildirilmiş Mobil Bankçılığa və ya Mobil Bankçılığa və Asan İmzasına bağlı olan hər hansı mobil operatorunun sim kartıdır (nömrəsidir);

1.6. Asan İmza - İstifadəçinin şəxsi imzasının analoqu olan onun mobil telefon SİM-katına bağlı rəqəmsal imzadır. Asan İmza ilə istifadəçinin şəxsiyyəti təsdiq olunur və sənədlərə rəqəmsal imza qoyulur.

1.7. Şifrə - Mobil Bankçılıqda qeydiyyatdan keçməsi nəticəsində İstifadəçi tərəfindən yaranmış bu proqrama daxil olub, qaydalarda nəzərdə tutulmuş əməliyyatları və sənədləri təsdiq etmək üçün istifadə olunan, İstifadəçinin eyniləşdirilməsini təmin edən rəqəmlərin ardıcıl toplusudur. Əməliyyatların və sənədlərin təsdiq edilməsi zamanı şifrə İstifadəçinin imzasının analoqu kimi qəbul olunur. Şifrə ilə təsdiq olunmuş sənədlər kağız daşıyıcıda olan İstifadəçinin şəxsi imzası ilə təsdiq olunmuş sənədlərlə eyni hüquqi qüvvəyə malikdir;

1.8. Qeydiyyat yazısı – şifrənin daxil edilməsi nəticəsində açılan Mobil Bankçılıqda İstifadəçinin şəxsi səhifəsi;

1.9. Mobil cihaz– İstifadəçiyə məxsus Mobil bankçılıq yüklənmiş mobil telefon, smartfon, planşet və sair bu kimi elektron cihazdır.

1.10. Cari hesab- istifadəçinin hesabına daxil olan pul vəsaitlərinin qəbul edilməsi və hesab üzrə əməliyyatların aparılması üçün açılan bank hesabıdır;

1.11. Əmanət hesabı - əmanət müqaviləsinə əsasən istifadəçinin pul vəsaitlərinin əmanətlərə cəlb edilməsi və müvafiq əməliyyatların aparılması üçün açılan bank hesabıdır;

1.12. Ödəniş kartı - nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin alınması üçün istifadə edilən kartdır;

1.13. Tariflər – İstifadəçiyə göstərilmiş xidmətlər müqabilində Bank tərəfindən birtərəfli qaydada müəyyən edilmiş İstifadəçi tərəfindən ödənilməli olan haqqdır. Tariflər Bankın www.unibank.az saytında yerləşdirilır.

1.14. Şəxsiyyəti təsdiq edən sənəd – Azərbaycan Respublikası Mərkəzi Bankının “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları” ilə müəyyən olunur.

1.15. Dosta Köçürmə - mobil cihazın yaddaşında olan və Mobil Bankçılıqdan istifadə edən şəxslərə öz hesablarınızdan köçürmə imkanı.

1.16. Bildiriş – Banka aid aksiyalar və fərdi əməliyyatlar haqda məlumat.

2. Qeydiyyatdan keçmə qaydası.

2. 1. Mobil cihazlardan istifadə etməklə Mobil Bankçılıqda 3 qaydada qeydiyyatdan keçmək mümkündür:

2.1.1. Ödəniş kartı vasitəsilə qeydiyyat. İsitifadəçi Mobil Bankçılıqda “Ödəniş kartı vasitəsilə qeydiyyat keçməsini” seçməklə ona məxsus və Bank tərəfindən emissiya olunan ödəniş kartının son 8 rəqəmini və mobil telefon nömrəsini müvafiq xanalara daxil edir. Bu zaman mobil telefon nömrəsi dedikdə İstifadəçinin qeydiyyat keçməsindən qabaq Bankla hər hansı müqavilənin bağlanması zamanı təqdim edilmiş və dəyişilməmiş mobil telefon nömrəsi nəzərdə tutulur. Daxil edilmiş ödəniş kartının 8 rəqəmi və mobil telefon nömrəsi düzgün olduğu təqdirdə İstifadəçinin mobil telefon nömrəsinə bir dəfə üçün istifadəsi nəzərdə tutulmuş 6 rəqəmli şifrə göndərilir. 6 rəqəmli şifrənin Mobil Bankçılığın müvafiq xanasına daxil etdikdən sonra İstifadəçi Mobil Bankçılığa daxil olmaq və əməliyyatları aparmaq üçün 4 rəqəmli şifrəni özü müəyyən edir. Müştəri eyni zamanda Bankın istənilən filialına yaxınlaşmaqla “Ödəniş kartı vasitəsilə qeydiyyat” üsulu ilə qeydiyyatdan keçərək, Mobil Bankçılıq vasitəsilə xidmət göstərilməsi haqqında Müqavilə imzalamaqla Mobil Bankçılıq-da olan bütün bank xidmətlərini həyata keçirə bilər.

2.1.2. Mobil nömrə ilə qeydiyyat. Mobil nömrə ilə qeydiyyat zamanı müştəri ilk öncə “Nömrə ilə qeydiyyat” düyməsini sıxır, mobil nömrəsini əlavə edir və açılan növbəti səhifədə istifadəçi tələb olunan şəxsi məlumatları daxil edir. Məlumatları daxil etdikdən sonra müştəri “Davam etmək” düyməsinə sıxır, mobil nömrəsinə göndərilən birdəfəlik şifrəni daxil edir və sonda təkrarən giriş üçün 4 rəqəmli kodunu daxil edir. İstifadəçi giriş etdikdən sonra artıq istənilən bank kartını əlavə etməklə ödəniş və köçürmələr edə və bonuslar qazana biləcəkdir. Əlavə olaraq istifadəçi “Ayarlar” bölməsinə daxil olub, “Müştəri kodunu” əldə edə bilər. “Mobil nömrə ilə qeydiyyat” üsulundan yanlız mobil nömrəsi “Unibank”ın sistemində olmayan müştərilər və mobil nömrəsi “Unibank”ın sistemində olan yalnız heç bir aktiv bank məhsulu (yəni, cari hesab, debet və kredit kart, əmanət və kredit məhsulları olmayan) olmayan müştərilər qeydiyyatdan keçə bilər.

2.1.3. Asan İmza vasitəsilə qeydiyyat. İsitifadəçi Asan İmzaya qoşulub Mobil Bankçılıqda “Asan İmza vasitəsilə qeydiyyatdan keçməsini” seçməklə müvafiq xanalara mobil telefon nömrəsini və Asan Xidmət tərəfindən təqdim olunmuş Asan ID –ni daxil edir. Bu zaman mobil telefon nömrəsi dedikdə İstifadəçinin qeydiyyat keçməsindən qabaq Bankla hər hansı müqavilənin bağlanması zamanı təqdim edilmiş və dəyişilməmiş mobil telefon nömrəsi nəzərdə tutulur. Daxil edilmiş məlumatlar düzgün olduğu halda İstifadəçi Mobil Bankçılığa daxil olmaq və əməliyyatları aparmaq üçün 4 rəqəmli şifrəni özü müəyyən edir.

2.1.4. Qeydiyyatdan keçmə üsuluna görə yol verilən əməliyyatlar:

- Ödəniş kartı vasitəsilə qeydiyyat – yalnız kartla bağlı əməliyyatlar (filialda Mobil Bankçılıq vasitəsilə xidmət göstərilməsi haqqında Müqavilə imzalandıqda - bütün növ Bank əməliyyatları (əmanət (depozit) və digər müqavilələrin və əqdlərin imzalanması istisna olmaqla))

- Mobil nömrə ilə qeydiyyat - yalnız kartla bağlı əməliyyatlar;

- ASAN imza vasitəsilə qeydiyyat – bütün növ Bank əməliyyatları;

3. Mobil Bankçılıq vasitəsilə əməliyyatların aparılması və sənədlərin imzalanması.

3.1. Mobil Bankçılıqda Asan İmza və ya Mobil Nömrə vasitəsilə qeydiyyatdan keçməsi halında Mobil Bankçılıqda aşağıdakı əməliyyatlar aparıla bilər və sənədlər imzalana bilər:

3.1.1. Cari və Əmanət hesablarının açılması, buna dair müvafiq sənədlərin, o cümlədən əmanət müqavilələrin, bank hesabları üzrə xidmət müqavilələrin imzalanması*;

3.1.2. Cari bank hesablarının bağlanması;

3.1.3. İstifadəçinin Cari hesablarından pul vəsaitinin cari və əmanət hesablara köçürülməsi (o cümlədən ödəniş kartından bank hesablara və bank hesablarından ödəniş kartlara);

3.1.4. İstifadəçinin Bank qarşısında olan kredit borclarının ödənilməsi və kredit limitinin dəyişdirilməsi üçün müraciət edilməsi;

3.1.5.Bank hesablarından çıxarışları və İstifadəçinin rekvizitlərinin Bankın qüvvədə olan tariflərinə uyğun İstifadəçinin hesablarından akseptsiz komisyon haqqının silinməsi şərtilə, qeyd etdiyi elektron poçt ünvanına göndərilməsi;

3.1.6. Ödəniş karlartının sifariş edilməsi**;

3.1.7. Ödəniş kartlarının risk qrupunun dəyişdirilməsi***;

3.1.8.Ödəniş kartlarının bloka salınması və blokdan azad edilməsi****,

3.1.9. Pul vəsaitinin girovu ilə təmin edilmiş kredit müqavilələrin, pul vəsaitinin girov müqavilələrin və buna dair müvafiq sənədlərin imzalanması; *

3.1.10. Təminatsız kreditlərin əldə edilməsi üçün sifariş verilməsi.

3.2. Mobil Bankçılıqda ödəniş kartı vasitəsilə qeydiyyatdan keçməsi halında Mobil Bankçılıqda aşağıdakı əməliyyatlar aparıla bilər və sənədlər imzalana bilər:

3.2.1. Ödəniş karlartının sifariş edilməsi**;

3.2.2. Bank hesablarından çıxarışların Bankın qüvvədə olan tariflərinə uyğun İstifadəçinin hesablarından akseptsiz komisyon haqqının silinməsi şərtilə, qeyd etdiyi elektron poçt ünvanına göndərilməsi;

3.2.3. Ödəniş kartlarının bloka salınması ;

3.2.4. Ödəniş kartlarından pul vəsaitinin istənilən ödəniş kartlara köçürülməsi;

3.2.5. İstifadəçinin Bank qarşısında olan kredit borclarının ödəniş kartı vasitəsilə ödənilməsi;

3.2.6. Kommunal ödənişlərin ödəniş kartı vasitəsilə ödənilməsi;

3.2.7. Ödəniş kartından İstifadəçinin əmanət hesablarına pul vəsaitinin köçürülməsi;

3.2.8. Təminatsız kreditlərin əldə edilməsi üçün sifariş verilməsi.

4. İstifadəçi öz üzərinə aşağıdakı öhdəlikləri götürür

4.1. Mobil telefon SİM-katının və mobil cihazının itməsi oğurlanması və digər vasitələrlə onun sahibliyindən çıxması, üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsinin qarşısının alınması üçün bütün mümkün tədbirləri görmək.

4.2. Mobil telefon Sim-kartının və/və ya mobil cihazının itirilməsi, oğurlanması və digər vasitələrlə onun sahibliyindən çıxması, üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi barədə məlumatı dərhal Bankın 117 nömrəsinə zəng edərək məlumat vermək. Bu zaman Bank məlumatın daxil olduğu tarixdən etibarən ən geci növbəti iş günü ərzində İstifadəçinin Mobil Bankçlılqda olan qeydiyyat yazınısını bloklaşdırır.

4.3. Qaydalara və Mobil Bankçılığa Bank tərəfindən birtərəfli qaydada dəyişikliklərin edilməsi hüququnu qəbul edir. Yenilənmiş Qaydalar Mobil Bankçılıqda yerləşdirdiyi gün İstifadəçi tərəfindən onları qəbul edildiyi gün sayılır.

4.4. İstifadəçi icazə verir ki, onun telefon kitabçasındakı mobil nömrə sahibləri istifadəçinin Unibank Mobile müştərisi olduğunu görsünlər.

5. Mobil Bankçılıq vasitəsilə aparılmış əməliyyatlar barədə sorğu və etirazların verilməsi qaydası:

5.1. Mobil bankçılıq vasitəsilə aparılmış hər hansı əməliyyatla bağlı sorğu və etiraz Bankın 117 nömrəsinə zəng etməklə verilir. Sorğu və etiraz əməliyyatın həyata keçirildiyi gündən yalnız 14 (on dörd) iş günü ərzində verilə bilər. Bu müddət keçdikdən sonra Banka ünvanlanmış sorğular və etirazlar baxılmır və cavablandırılmır.

5.2. Bütün sorğu və ya etirazlar verildiyi tarixdən etibarən 5 (beş) iş günü ərzində Bank tərəfindən cavablandırılır.

6. Sənədlərin hüquqi qüvvəsi.

6.1. Bu Qaydalar istifadəçi tərəfindən qeydiyyat zamanı daxil etdiyi Mobil telefon nömrəsi ilə təsdiq edilir. Bu zaman istifadəçinin Mobil telefon nömrəsi onun şəxsi imzasının analoqu kimi qəbul olunur və Mobil telefon nömrəsi ilə təsdiq olunmuş Qaydalar, o cümlədən Bank tərəfindən birtərəfli qaydada dəyişdirilmiş Qaydalar kağız daşıyıcıda olan İstifadəçinin şəxsi imzası ilə təsdiq olunmuş müvafiq sənədlərlə eyni qüvvəyə malikdir.

6.2. Mobil Bankçılıq vasitəsilə əməliyyatların aparılması zamanı təsdiqlənmiş elektron sənədlər kağız daşıyıcıda olan İstifadəçinin şəxsi imzası ilə təsdiqlənmiş müvafiq sənədlərlə eyni hüquqi qüvvəyə malikdir.

6.3. İstifadəçi qəbul edir ki, Mobil telefon nömrəsi ilə təsdiq olunmuş Qaydalar, o cümlədən Bank tərəfindən birtərəfli qaydada dəyişdirilmiş Qaydalar, Mobil bankçılıq vasitəsilə əməliyyatların aparılması zamanı təsdiqlənmiş elektron sənədlər mübahisələrin həlli zamanı sübutdurlar.

7. Məsuliyyət

7.1İstifadəçi Mobil Bankçılıqda qeydiyyat zamanı daxil etdiyi məlumatların tam və düzgün olduğunu, bütün məlumatların onun özünə məxsus olduğunu təsdiq edir. Hər-hansı məlumatın səhv daxil edilməsinə və ya ona məxsus olmayan məlumatın daxil edilməsinə, bununla bağlı yarana biləcək bütün risklərə görə məsuliyyət İstifadəçinin üzərinə düşür.

7.2. Mobil telefon SİM-katının və/və ya mobil cihazının itirilməsi, o cümlədən oğurlanması və digər vasitələrlə İstifadəçinin sahibliyindən çıxması,üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi nəticəsində ona dəymiş zərərə görə Bank məsuliyyət daşımır.

7.3. Mobil Bankçılıq vasitəsilə əməliyyatların aparılması zamanı İstifadəçi tərəfindən rekvizitlərin, məbləğlərin və ya digər məlumatın səhv daxil edilməsinə görə və bunun nəticəsində ona dəymiş zərərə görə Bank məsuliyyət daşımır.

7.4. Mobil Bankçılıq vasitəsilə əməliyyatların aparılması və sənədlərin imzalanması zamanı yarana biləcək bütün risklərə görə məsuliyyət İstifadəçinin üzərinə düşür.

7.5 Əgər cihaza avadanlıq istehsalçısının razılığı olmadan proqram təminatı quraşdırılması üçün müdaxilə edilibsə, Bank təhlükəsizliyə zəmanət vermir.

8. Digər bankların emissiya etdiyi ödəniş kartlarının Unibank Mobil Banking-də (sonradan “UMB”) qeydiyyatı:

8.1Müştəri digər bankların (yalnız Azərbaycan Respublikası daxilində) emissiya etdiyi ödəniş kartlarını (bundan sonra “kart”) UMB-də aşağıdakı qaydada əlavə etməklə bütün növ köçürmələr edə bilər:

8.2. Digər bankların kartını əlavə et (“+“) düyməsi seçilir;

8.3. Kartın on altı rəqəmini, bitmə tarixini, CVV/CVV2 kodunu müvafiq xanaya daxil edilir və ya ödəniş kartı skan funksiyası (kamera loqosu) ilə də əlavə edə bilər. Daxil edilən məlumatlar məxfi olduğundan bankda saxlanılmır;

8.4. Müştərinin kartından 0,05 manat məbləğ silinir və həmin məbləğ dərhal geri qaytarılır (texniki uyğunluğu müəyyən etmək üçün);

8.5. “Kart uğurla əlavə edildi” yazısı ilə əməliyyat tamamlanır. 

* Mobil Bankçılıq vasitəsilə bağlanmış depozit müqavilələri, pul vəsaitinin girovu ilə təmin olunmuş kredit müqavilələri , pul vəsaitinin girov müqavilələri, bank hesabları üzrə xidmət müqavilələri və bu müqavilələrə aid olan sənədlər Asan İmza ilə təsdiqlənəcək.

**Bu zaman Mobil Bankçılıq vasitəsilə yalnız sifariş verilə bilər. Müqavilələr və müvafiq sənədlər Bankın baş ofisində və ya filiallarında imzalanır.

*** Kreditin alınması, istifadə edilməsi və ödənilməsi üçün verilmiş, o cümlədən istifadəçisi eyniləşdirilməmiş ödəniş kartları istisna təşkil edir.

**** Yalnız Mobil Bankçılıq vasitəsi ilə bloka salınmış ödəniş kartlar blokdan azad oluna bilər.

9. Təhlükəsiz istifadə qaydaları. MB (Mobil Bankçılıq) ilə siz şəxsiyyətinizi təsdiq edə və sənədləri rəqəmsal imza ilə (Asan İmza) imzalaya bilərsiniz. İdentifikasiya məlumatları və rəqəmsal imza yüksək səviyyəli təhlükəsizlik texnologiyası və müvafiq kodlarla qorunur. Mobil telefon eyni zamanda həm Asan İmza üçün smart kart (asan imza kartı), həm də kart oxuyucu qurğu kimi istifadə olunur.  Asan İmza (Mobile ID) elektron xidmətlər mühitinə giriş üçün təhlükəsizlik aləti hesab edilir və rəqəmsal imzanın qoyulmasına imkan verir. Ona görə də MB-dən və “Asan İmza”-dan (Mobile ID) istifadə edərkən sadə təhlükəsizlik qaydalarına riayət etmək lazımdır:

1.      İmzalama açarları SIM kartda yerləşdiyi üçün telefonda quraşdırılan SIM kartı və kodları, həmçinin mobil cihazınızı kənar şəxslərə verməyin.

2.      Asan İmza (Mobile ID) SIM kart, kodlar və mobil telefonunuz digr şəxslərin əlinə keçdiyi zaman onlar Sizin adınızdan sövdələşmə imzalaya, həmçinin şəxsi verilənlərinizi görə bilərlər. Bu halda onlar tərəfindən götürülən öhdəliklər Sizin üzərinizə düşəcəkdir.

3.      MB-ə Asan imza ilə qoşulduqdan sonra sizə təqdim edilmiş ilkin kod və ya şifrələri dəyişmək məsləhət görülür.

4.      Kod və ya şifrələri telefondan ayrı saxlayın. Onlarıın kənar şəxslərə verilməməsi çox vacib məsələ hesab edilir. Ona görə də bu məlumatları telefondan ayrı saxlamaq məsləhət görülür. Məlumatları əzbərləyin və ya etibarlı yerə qeyd edin.   

5.      Kodlar üçün sadə kombinasiyalardan (0000, 1111, 1234 və s.), ad günü, ev və mənzillərin nömrəsi və s. istifadə etməyin.

6.      Telefonun ekranında istifadə etmək istədiyiniz xidmətin adının yazıldığından əmin olun.

7.      Mobil telefon oğurlandığı və ya itirildiyi zaman ilk olaraq texniki dəstək xidmətlərinə  (Mobil operatorunuza və Banka) müraciət edib Sizə məxsus olan Asan İmza (Mobile ID) SIM kartınızı bloka salınsın və MB-a girişiniz məhdudlaşdırılsın.